Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə 8–11 iyun tarixlərində Özbəkistan Dövlət Konservatoriyasının dəvəti ilə “xalq çalğı alətləri” ifaçılığı üzrə Dövlət imtahan komissiyasına sədrlik edib.
Bu barədə təəssüratını bölüşən tarzən belə məsuliyyətli və şərəfli missiyanın ona həvalə olunmasını böyük etimad və yüksək qiymətləndirmə kimi qəbul etdiyini deyib. Bildirib ki, vaxtilə Azərbaycanın görkəmli bəstəkarları və ifaçıları bu mühüm vəzifəni yerinə yetirərək gənc musiqiçilərin obyektiv qiymətləndirilməsinə töhfə veriblər. Tarzən bu ənənənin davamçısı olmaqdan qürur duyduğunu bildirib.
Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyası, xüsusilə rektor Kamoliddin Urinbayev tərəfindən ona göstərilən bu etimada görə təşəkkürünü ifadə edib. Vurğulayıb ki, bu, həmçinin Özbəkistan və Azərbaycan arasındakı mədəni əlaqələrə də bir töhfədir.
Qeyd edək ki, dörd gün davam edən imtahanlar zamanı 60-a yaxın tələbənin çıxışı dinlənilib və onların hər biri istedadı, hazırlıq səviyyəsi və ifaçılıq bacarıqlarına uyğun şəkildə obyektiv qiymətləndirilib. Verilən qiymətlər konservatoriyanın müəllim heyəti və kafedra tərəfindən müsbət qarşılanıb. İmtahanların diqqətçəkən cəhətlərindən biri tələbələrin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin geniş yer alması olub. Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Tofiq Bakıxanov və digər Azərbaycan bəstəkarlarının əsərləri tələbələr tərəfindən uğurla ifa edilib. Bu hal Azərbaycan musiqi irsinə göstərilən maraq və hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.
Sahib Paşazadə səfər zamanı iyunun 12-də Özbəkistan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının muzeyində ustad dərsi keçib. Bu, muzeyin açılış mərasimindən sonra orada təşkil olunan ilk tədbir olub.
Ustad dərsində əfqan rubabı, kaşkar rubabı və digər xalq çalğı alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin interpretasiyası ətraflı təhlil edilib. İştirakçılara ifa üslubu, melizmlərin tətbiqi, mizrab texnikası, applikatura və digər incə ifaçılıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin ifaçı, bəstəkar və dinləyici arasında olan yaradıcı əlaqələr, texniki hazırlığın bədii ifadəyə təsiri və musiqi əsərlərinin səhnə təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb. Ustad dərsi müəllim heyəti, tələbələr, kafedra rəhbərliyi və universitet rəhbərliyi tərəfindən böyük maraq və razılıqla qarşılanıb.
Dövlət imtahan komissiyasının sədri kimi fəaliyyətinə və keçdiyi ustad dərsinə görə Sahib Paşazadəyə Özbəkistan Dövlət Konservatoriyası tərəfindən özbək milli geyimi, təşəkkür məktubu və xüsusi sertifikat təqdim olunub.


























