İrəvan Dövlət Azərbaycan Dram Teatrında Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib.
Teatrdan bildirilib ki, rejissor Ülvi Məmmədlinin səhnə yozumunda təqdim olunan tamaşanın mərkəzində insan münasibətlərinin görünməyən qatlarında gizlənən həqiqətlər dayanır. Naməlum qonağın bir ailənin həyatına daxil olması ilə hadisələr gözlənilməz istiqamət alır, uzun illər gizli qalmış sirlər üzə çıxır. Qadın və kişi özləri ilə, bir-biri ilə və həqiqətlə üz-üzə qalırlar.
Qonaq obrazı ailənin daxili dünyasını sarsıdan, onların gizlətdikləri həqiqətləri üzə çıxaran qüvvəyə çevrilir. Psixoloji qarşıdurmalar, gərgin dialoqlar və gözlənilməz situasiyalar tamaşanın dinamik ritmini formalaşdırır. Rejissorun təqdimatında rasional və irrasional müstəvilər növbələşərək tamaşanın dramaturji gərginliyini daha da artırır.
Əsas rolları Murad Məmmədzadə (Qonaq), Ramilə Abasova (Qadın), Zəki Fətəliyev (Kişi) və Cavid Babayev (Zabit) ifa edirlər.
Səhnə tərtibatının müəllifi Umay Həsənova, musiqi tərtibatçısı Nigar Süleymanova, işıq üzrə rəssam Səid Abbasov, səs rejissoru isə İmaməli İmaməliyevdir.
Qeyd edək ki, tamaşa həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə təhsil alan Ülvi Məmmədlinin diplom işi kimi hazırlanıb. Tamaşanın diplom rəhbəri Gümrah Ömərdir.
“Cəhənnəm sakinləri”nin növbəti nümayişi iyunun 24-də olacaq.
























