Bülbülün Memorial Muzeyində Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova Milli Qurtuluş Gününün tarixindən bəhs edib.
Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru Məsmə Zeynalova bu əlamətdar günün sadəcə təqvimdə qeyd olunan bayram deyil, xalqımızın taleyində dönüş yaratmış, müstəqil dövlətçiliyimizin qorunması üçün yeni mərhələ açmış tarixi hadisə olduğunu vurğulayıb.
Bədii hissədə "Qeyd" Sosial Maarifləndirmə İctimai Birliyinin mədəniyyət klubunun ansamblının (bədii rəhbər Əyyub Məmmədov), Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin və 8 saylı tam orta məktəbin şagirdlərinin ifasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, şeirlər qiraət edilib.
Tədbirdə şəhid Əli Abbasquluzadənin anası Nəzakət Abbasquliyeva, II Qarabağ müharibəsi iştirakçısı Ramiz Yusubov, şairə-publisist Zərəngiz Dəmirçi-Qayalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aytəkin Mehman qızı, "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin elmi araşdırmacısı Elmira Abbasova da iştirak ediblər.
























