Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.
Bununla bağlı "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə olunub.
İnformasiya vasitələrinin yaydığı məlumata görə, qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Şuraya əlavə hüquq və vəzifələr də verilir.
Bu sıraya media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək; jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək; audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək; media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək; dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək və s. daxildir.
***
Xatırladaq ki, bundan öncə Sosial Tədqiqatlar Mərkəzinin Medianın İnkişafı Agentliyinə birləşdirilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev 2026-cı il 20 fevral tarixində bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi.



















