Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında qardaşlığın nümayişi olan bu mərasimdə qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək baxımından önəmli bir məsələni də diqqətə çatdırmaq istərdim. Azərbaycan tərəfi ilə apardığımız müzakirələrin nəticəsi olaraq ümid edirik ki, Bakı və Lefkoşa arasında birbaşa çarter aviareyslərinin açılması yaxın vaxtlarda mümkün olacaq.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel bunu iyunun 13-də Bakıda Şimali Kipr Mədəniyyəti Gününün açılış mərasimində çıxışı zamanı dedi.
Ölkəmizə rəsmi səfərinin ilk günü Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşdüyünü diqqətə çatdıran ŞKTC-nin hökumət başçısı Şimali Kiprin xüsusilə böyük potensiala malik olduğu turizm sektorunda əməkdaşlığı inkişaf etdirmək üçün birbaşa hava əlaqəsinin önəmini vurğuladı. Ölkədə 30 min yerlik yüksək səviyyəli turizm təsisləri olduğunu deyən Ünal Üstel azərbaycanlı turistləri bənzərsiz dəniz sahili, təbii gözəllikləri, mədəni irsi və mətbəx ləzzətləri ilə tanınan Şimali Kipri kəşf etməyə çağırdı.
Qeyd edək ki, Bakıda təşkil edilən Şimali Kipr Mədəniyyəti Gününün əsas məqsədi də Azərbaycan ilə ŞKTC arasında əlaqələrin inkişafına yeni ilmələr qazandırmaq, Şimali Kipri ölkəmizdə daha geniş şəkildə tanıtmaqdır. Çünki mədəniyyətlə qurulan körpü bütün körpülərdən ən davamlısı və möhkəmidir.
Bu fikir Mədəniyyət Gününün açılış mərasimindən öncə keçirilən mətbuat konfransının da əsas leytmotivini təşkil etdi.
***
İçərişəhərdəki Bakı Fotoqrafiya Evində keçirilən mətbuat konfransında ŞKTC-nin Baş naziri Ünal Üstel, ŞKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, ŞKTC xarici işlər naziri Tahsin Ertuğruloğlu, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer və Milli Məclisdə Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edirdilər. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin daha bir neçə deputatı da tədbirə qatılmışdı.
Cavanşir Feyziyev giriş sözündə Azərbaycan-ŞKTC əlaqələrinin inkişafından, iki ölkə parlamentləri arasında 2024-cü ildə təsis olunan dostluq qrupunun bu prosesə töhfəsindən bəhs etdi.
ŞKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu çıxışında, parlamentlərarası əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı səfərlərin və birgə layihələrin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini dedi. Bildirdi ki, Şimali Kipr üçün, Türkiyə ilə yanaşı, Azərbaycanla münasibətlərin də xüsusi yeri var və bu əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq.
“Bu gün burada ortaq gələcəyimiz və birgə hədəflərimiz naminə toplaşmışıq. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr deyil. Bu, mədəniyyətə və qardaşlığa əsaslanan qəlb bağıdır, ortaq taledir” – bunu isə ŞKTC Baş naziri Ünal Üstel dedi.
Həm ikitərəfli münasibətlərin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində ŞKTC-yə verilən dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edən Ünal Üstelin sözlərinə görə, Azərbaycan, Türkiyə və Şimali Kipr arasında formalaşan həmrəylik Türk dünyasının birliyinin mühüm nümunəsidir: “Biz bu münasibətləri bir cümlə ilə ifadə edirik: Bir millət, üç dövlət. Türkiyə və Azərbaycan bizim ən yaxın qardaşlarımızdır”.
Bakıda Şimali Kipr Mədəniyyəti Gününün təşkilində əməyi keçən hər kəsə və bu işə dəstək verən bütün qurumlara minnətdarlığını bildirən Ünal Üstel “Bu tədbirlərlə ortaq mədəniyyətimizi və ortaq gələcəyimizi bir daha vurğulayırıq. Türk dünyasının gələcəyi birliyimizdədir. Bu xüsusda mədəniyyət ən mühüm bağdır, çünki mədəni əlaqələr daimi və qalıcıdır” – deyə əlavə etdi.
***
Mədəniyyətin qarşılıqlı münasibətlərdə rolu açılış mərasimində də çıxış edən natiqlər – "İçərişəhər" qoruğu idarəsinin rəhbəri Rüfət Mahmud, ŞKTC-nin Baş naziri Ünal Üstel, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və Milli Məclisin deputatı Cavanşir Feyziyev tərəfindən bir daha vurğulandı.
İçərişəhərin Qoşa Qala qapısı yanında qurulan səhnədə Şimali Kipr sənətçilərinin gün boyu ifa etdikləri musiqi və rəqs nömrələri isə bunu bilavasitə nümayiş etdirdi.
Kipr türklərinin ənənəvi xalq rəqsləri, elektron musiqi konserti və digər təqdimatlar alqışlarla qarşılandı. Meydandakı köşk-çadırlarda isə onların mətbəx, əl sənəti nümunələri təqdim edilirdi.
Mədəniyyət Gününün ən yaddaqalan təqdimatlarından biri də tanınmış modelyer Abdullah Öztoprak tərəfindən rəngarəng, nağılvari, ekstravaqant üslub və koloritdə hazırlanmış geyimlərin defilə-nümayişi oldu. Qeyd edək ki, Abdullah Öztoprak turizm və biznesdən incəsənətədək, o cümlədən rəssam, moda dizayneri, bəstəkar, aktyor kimi bir çox sahələrdə fəaliyyət göstərir, Şimali Kiprdə, Türkiyədə və dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirir. O, 2024-cü ildə Bakıya ilk gəlişində “Mədəniyyət”ə müsahibəsində bu barədə ətraflı söhbət açmışdı. Bakıdakı Şimali Kipr Mədəniyyəti Günündə də Abdullah Öztoprak ilə görüşmək imkanımız oldu və incəsənət də daxil bütün fəaliyyətlərində yeni uğurlar arzuladıq.
***
Əlbəttə, bu qəbildən tədbirlərin, mədəniyyət və sənət şölənləri vəsiləsi ilə qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərdə mühüm rolu var. Amma bu əməkdaşlığı praktik müstəvidə daha səmərəli inkişaf etdirmək üçün yol müstəsna önəm kəsb edir. Azərbaycan və Şimali Kipr üçün bu, təbii ki, hava yoludur.
Yada salaq ki, 15 il öncə, 2011-ci ilin yayında Bakıdan Lefkoşaya ilk çarter reysi təşkil edilmişdi və bu sətirlərin müəllifi də həmin reysin sərnişinləri arasında idi. O vaxt aviareyslərin, heç olmasa mövsümi (yay aylarında), davam edəcəyinə dair fikirlər səslənmişdi və bu söhbət illərdir ki, gedir. Nəhayət, sözdən əmələ keçmək lazımdır. Bununla Azərbaycanla Şimali Kipr daha yaxın ola bilər, aramızda cəmi üç saatlıq hava yolu var...
Vüqar Orxan



























