İyunun 11-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Səməd Vurğunun 120 illik yubileyi ilə əlaqədar şairin Bakıdakı ev-muzeyində Xalq Təhsili Muzeyi ilə birgə tədbir keçirilib. 

Tədbir Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilovun və Xalq Təhsili Muzeyinin direktoru Zülfiyyə Şiriyevanın açılış nitqləri ilə başlanıb.

Şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri Aslan Salmansoy, Hənifə Səlifova, Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin (BSU) Məktəb-lisey kompleksinin ibtidai sinif müəllimi Aygün Etibar çıxış edərək Səməd Vurğunun yaradıcılığından və zəngin ədəbi irsinin gənc nəslin tərbiyəsindəki əhəmiyyətindən söz açıblar.

Tədbirin bədii hissəsində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Ədəbi Tədbirlər Birliyi” layihəsi üzvlərinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir parça nümayiş olunub.

BSU-nun Məktəb-lisey kompleksinin şagirdləri şairin məşhur “Azərbaycan” şeirini söyləyiblər.

24 nömrəli Uşaq musiqi məktəbinin saz şöbəsinin şagirdləri musiqili kompozisiya ilə çıxış ediblər.