Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu günlərdə “Neft, tamah və milyonlar səltənətində” tamaşasının premyerasını keçirib.

Əslən Bakıdan olan rusiyalı rejissor Konstantin Soldatovun quruluş verdiyi tamaşa dramaturq İsmayıl İmanın postmodern pyesi əsasında hazırlanıb.

Sənətsevərləri teatrda səyahətə çıxaran kvest-tamaşanın hazırlanmasından bəhs edən Konstantin Soldatov layihənin ideya müəllifinin Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov olduğunu deyib: "Mənim vəzifəm səhnələr üçün yerləri və perspektivləri müəyyənləşdirmək və onları teatrın interyerinə inteqrasiya etmək idi. Bəzi səhnələr auditoriyada və foyedə, digərləri pilləkənlərdə və səhnə arxasında - adətən tamaşaçılar üçün əlçatmaz olan yerdə, bəziləri isə hətta səhnənin altında - bütün aktyorların ziyarət etmədiyi bir məkanda baş verir.

İş olduqca maraqlı, lakin çətin idi - xüsusən də texniki xidmətlər üçün mürəkkəb hallar olurdu. Çünki hər məkanın işıqlandırmaya, bəzilərinin səsə, digərlərinin isə effektlərə ehtiyacı vardı. Bütün bu layihə texniki heyətin və aktyorların əlaqələndirilmiş iş prosesini tələb edirdi”, - deyə rejissor qeyd edib.

Səhnə əsərinin süjeti reallıqda mövcud olmuş, amma sonra lenti itirilmiş “Neft və milyonlar səltənətində” filminin (1916) yaradılmasının uydurma hekayəsinə əsaslanır. Azərbaycan kino tarixində ilk tammetrajlı bədii film sayılan bu ekran əsərini rus rejissor Boris Svetlov azəraycanlı yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında lentə alıb. 

Tamaşanın süjet xəttinə görə rejissor Boris Svetlov kəskin süjetli film çəkmək üçün Bakıya gəlir. Baş rolu məşhur teatr aktyoru, tamaşaçıların sevimlisi Hüseyn Ərəblinskinin oynaması nəzərdə tutulur. Lakin çəkilişlərə başlamazdan dörd gün əvvəl Ərəblinski izsiz-soraqsız yoxa çıxır. Svetlova qoçu Rəcəbəli kömək edir və onlar birlikdə Ərəblinskini axtarmağa yollanırlar.

Pyesin müəllifi İsmayıl bu materiala müraciət etməsinin səbəbi barədə danışıb: “Mən həmin dövrü yaxşı bilirəm; onu araşdırmışam və üzərində işləmişəm. Ümumiyyətlə, XIX əsrin sonları və XX əsrin birinci rübündəki Bakı dövrünü çox maraqlı hesab edirəm. İstənilən müəllif üçün keçmişə müraciət etmək bizim dövrümüzlə dialoqdur. Bu tamaşada həm də bu günümüz haqqında danışmaq istədim. 1916-cı il anturajına baxmayaraq, bizim dövrümüzün əks-sədası göz qabağındadır və asanlıqla hiss olunur”, - deyə dramaturq vurğulayıb.

“Neft, tamah və milyonlar səltənətində” tamaşasında Svetlov və Rəcəbəli rollarını Əməkdar artistlər Teymur Rəhimov və Murad Məmmədov ifa edirlər. Həmçinin Rəşad Əliyarov, Zaur İsgəndərov, Rumiyyə Ağayeva, İlkin Mehdiyev, Nadir Əbdürəhimbəyov, Yaqub Zeynalov, Fidan Ağaverdiyeva, Rüfət Əliyev, Tamerlan Abdullayev, Səma Vəliyeva və Dilarə Nəzərova tamaşada rol alıblar.