Azərbaycanın Belçikadakı Səfirliyində (Brüssel) “İRS” Nəşriyyat Evinin yeni kitablarının sərgisi təşkil olunub.
Tədbirdə çıxış edən səfir Vaqif Sadıqov bildirib ki, ölkənin aparıcı nəşriyyatlarından olan “İRS” Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və memarlığına dair çoxsaylı kitab və jurnallar nəşr edir. Bu nəşrlər müxtəlif xarici dillərdə çap olunaraq beynəlxalq auditoriyaya təqdim edilir.
"İRS" beynəlxalq jurnalının baş redaktoru, “İRS” Nəşriyyat Evinin və Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı nəşriyyatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, “PAŞA Həyat Sığorta” şirkətinin dəstəyi ilə 2013-cü ildən həyata keçirilən “İrs” silsiləsi layihəsi çərçivəsində Azərbaycanın mədəni irsini əks etdirən çoxsaylı nəşrlər hazırlanaraq geniş oxucu kütləsinə çatdırılıb.
Musa Mərcanlı sərgidə nümayiş olunan kitabları təqdim edib və iştirakçıların suallarını cavablandırıb.
Brüssel Azad Universitetinin professoru Philippe Humble “İRS” nəşrlərində işıqlandırılan mövzular barədə fikirlərini bölüşərək, Azərbaycanla bağlı təəssüratından danışıb. O, həmçinin multikulturalizmin cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Travel Tomorrow” media şirkətinin rəhbəri Antonio Buscardini Azərbaycana səfərləri zamanı şahidi olduğu zəngin tarixi-mədəni irs, ölkənin geniş turizm imkanları və beynəlxalq nüfuzunun artması barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sərginin açılışında Belçika ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir Belçikada təhsil alan azərbaycanlı musiqiçilərin təqdim etdiyi klassik və milli musiqi proqramı ilə davam edib. Musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
























