Bolqarıstanın Plovdiv Bələdiyyəsi, “Presto” Musiqi Evi, “Xristo G.Danov-1904” Xalq Mədəniyyət Evi və digər tərəfdaşların dəstəyi ilə keçirilən II “Maritsa Səhnələri” Beynəlxalq İncəsənət Festivalında ölkəmiz də təmsil olunub.
Festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Plovdivdəki Roma stadionunda fotoqraf Aureliya Nəsirovanın “Naməlum Azərbaycan” adlı fotosərgisi təqdim olunub.
Festivalın direktoru Nadejda Dimitrova Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə fəal iştirakı və mədəni müxtəlifliyin təşviqinə, eləcə də incəsənət vasitəsilə xalqlar arasında körpülərin qurulmasına yönəlmiş təşəbbüslərə uzunmüddətli dəstəyə görə təşəkkürünü bildirib.
Sərginin açılışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin nümayəndəsi “Maritsa Səhnələri” festivalı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür təşəbbüslər müxtəlif mədəniyyətlərin bir-birini daha yaxından tanımasına şərait yaradır və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Sərginin müəllifi, əslən bolqar olan, uzun illər Azərbaycanda yaşayan və fəaliyyət göstərən peşəkar fotoqraf Aureliya Nəsirova qeyd edilib ki, o, öz obyektivi vasitəsilə Azərbaycanın təbiət gözəlliklərini, zəngin mədəni irsini və gündəlik həyatının rəngarəngliyini böyük ustalıqla əks etdirir.
Festivalın axşam proqramı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Türk Dilləri və Mədəniyyətləri Klubu tərəfindən təşkil olunmuş ədəbi-musiqili gecə ilə davam edib. Tələbələr Elitsa Taseva və Veronika Balkancı Azərbaycan şairlərinin əsərlərini həm Azərbaycan dilində, həm də bolqar dilinə tərcümədə təqdim ediblər. Təqdim olunan tərcümələr Sofiya Universitetində Klassik və Müasir Filologiyalar fakültəsi tərəfindən təşkil edilmiş “Dil və yazı vasitəsilə dünya bizdə birləşir” adlı bədii tərcümə müsabiqəsində birinci yer qazanmış tələbələrə məxsusdur.
Proqram çərçivəsində tələbələr görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında da məlumat veriblər. Festivalın direktoru və pianoçu Nadejda Dimitrova öz şagirdi ilə birlikdə Üzeyir Hacıbəylinin əsərlərini ifa edərək tamaşaçılara Azərbaycan musiqi ənənələrinin zənginliyi ilə yaxından tanış olmaq imkanı yaradıblar.
Qeyd edək ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin “Maritsa Səhnələri” festivalındakı iştirakı Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin Bolqarıstanda tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətin növbəti mühüm mərhələsidir.






















