Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub.

Məktəbin 131 əvvəl böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin inşa etdirdiyi binası 1918-ci ildə Azərbaycan və Türk (Osmanlı) hərbçilərinin Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunması zamanı hərbi hospital kimi fəaliyyət göstərib.

Səfir Birol Akgün məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib. Məktəbin Qarabağ müharibəsində həlak olmuş məzunlarının xatirə lövhəsi də ziyarət olunub. Azərbaycanın istiqlalı, suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinə dua oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Məktəbin rəhbərliyi qonağa tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib.

Qeyd edək ki, səfir Birol Akgün 156 nömrəli orta məktəbdə dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənliyə də qatılıb.

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı diplomatik nümayəndələri də iştirak ediblər.

Şənlik çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tematik guşələrinə baxış keçirilib. Şagirdlərin ifalarında şeir və mahnılar səsləndirilib.

Səfir Birol Akgün və digər qonaqlar məktəbin müəllim və şagird heyətinə Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verilən dəyərli töhfələrə görə təşəkkür ediblər.