İyunun 4-də Hacıqabul şəhər Uşaq musiqi məktəbində müəllim və şagirdlərin iştirakı ilə "İlin yekun akkordları" adlı hesabat konserti keçirilib.

Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.

Tədbirdə Milli Məclisinin sədr müavini, Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili, akademik Rafael Hüseynov, Hacıqabul rayon icra başçısının birinci müavini Saleh Ələsgərov, Şirvan-Salyan RMİ-nin rəisi Araz Əlizadə, YAP rayon təşkilatının sədri İsmayıl İbrahimov, mədəniyyət işçiləri və valideynlər iştirak ediblər.

Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, istedadlı uşaqların üzə çıxarılmasında və onların yaradıcılıq potensialının inkişaf etdirilməsində musiqi məktəblərinin mühüm rol oynadığı qeyd olunub. Hacıqabul şəhər Uşaq musiqi məktəbinin fəaliyyətinin regionun mədəni həyatına verdiyi töhfə yüksək qiymətləndirilib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.

Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda musiqi məktəbinin direktoru Mehdiqulu Fərəcov 50 illik yubileyi və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla, məktəbin bir qrup müəllim və şagirdi təşəkkürnamə ilə təltif olunub.