Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin (1936–2015) 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası alimin zəngin elmi irsinin, çoxşaxəli yaradıcılıq fəaliyyətinin və Azərbaycan elminə verdiyi töhfələrin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb. Elektron məlumat bazasında akademik Tofiq Hacıyevin həyat və yaradıcılığı ilə bağlı dolğun və sistemli məlumatlar toplanıb.

Kitabxananın saytında yerləşdirilən elektron bazada akademik Nizami Cəfərovun Tofiq Hacıyev haqqında məqaləsinin tam mətni də yer alıb.

Elektron topluda həmçinin Tofiq Hacıyevin müxtəlif illərdə dərc olunmuş kitabları, onun haqqında yazılmış elmi və publisistik yazılar, dissertasiya materialları istifadəçilərin diqqətinə çatdırılır.