"İRS" jurnalı 22 ildir nəşr olunur. Bu müddət ərzində Qərbi Azərbaycanla bağlı 22 dildə 150-dən çox material dərc edilib.

Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru, "İRS" beynəlxalq jurnalının baş redaktoru, tarxi üzrə fəlsəfə doktoru Musa Mərcanlı bu barədə “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq elmi konfransın panel sessiyasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, görülən işlərə baxmayaraq, bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə fəaliyyət hələ də kifayət deyil. Mövcud tədqiqatların və nəşrlərin mühüm hissəsi əsasən daxili auditoriyaya yönəlib. Bununla əlaqədar materialların xarici oxucular arasında yayılması istiqamətində iş gücləndirilməli və onlar müxtəlif dillərdə təqdim olunmalıdır.

Musa Mərcanlı bildirib ki, Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın, mədəni irsin, toponimlərin və arxiv materiallarının qorunub saxlanılması gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır. O, mövzu ilə bağlı beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə elmi materialların müxtəlif dillərdə nəşri və yayılması işinə "İRS" jurnalının dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.