28 may – 1 iyun tarixlərində İstanbul şəhərində VII İstanbul Beynəlxalq Balet Yarışması keçirilib.

Türkiyə Dövlət Opera və Balet Teatrının dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) xarici əlaqələr üzrə prorektoru Xalq artisti, dosent Təranə Muradova müsabiqəyə fəxri qonaq qismində qatılıb.

Bu barədə BXA-dan məlumat verilib.

Beynəlxalq balet sənətinin istedadlı nümayəndələrini bir araya gətirən nüfuzlu müsabiqədə Türkiyə, Rusiya, Yaponiya və digər ölkələrdən olan gənc rəqqaslar iştirak ediblər. Yarışma dörd kateqoriya üzrə təşkil olunub. İştirakçılar yarımfinal və final mərhələlərində klassik balet və müasir rəqs repertuarından nümunələr təqdim ediblər.

Azərbaycan xoreoqrafiya sənətinin tanınmış nümayəndəsi Təranə Muradovanın tədbirə dəvət olunması ölkəmizin xoreoqrafiya sahəsində qazandığı nüfuzun və beynəlxalq əlaqələrinin göstəricisidir. Müsabiqə çərçivəsində Təranə Muradova iştirakçılar, pedaqoqlar və qonaqlarla görüşərək fikir mübadiləsi aparıb, gənc rəqqaslara peşəkar tövsiyələrini verib.

Tədbirdə iştirak edən sənət adamları və təşkilatçılar Təranə Muradovanın çoxillik yaradıcılıq və pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun beynəlxalq balet mühitində xüsusi nüfuza malik olduğunu vurğulayıblar.

Qeyd edək ki, İstanbul Beynəlxalq Balet Yarışması müxtəlif ölkələrdən olan gənc istedadların bir araya gələrək təcrübə mübadiləsi apardığı və balet sənətinin inkişafına töhfə verdiyi mühüm beynəlxalq müsabiqələrdən biridir.