ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin (1918–1920) külliyyatının nəşri layihəsi davam edir. 2021-ci ildə çapı başlanan külliyyat 20 cilddən ibarət olacaq.

Qəzetin əski əlifbada (ərəb qrafikalı) çap olunmuş nömrələrini latın qrafikalı Azərbaycan əlifbasına filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edirlər. Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

Bu günlərdə çapdan çıxan 14-cü cild “Azərbaycan” qəzetinin 1919-cu ilin noyabr ayı üzrə buraxılışlarını (311-333-cü nömrələr) əhatə edir.

“Azǝrbaycan” qǝzetindǝki materiallar Cümhuriyyǝtin tarixini ǝks etdirir. Qǝzetin sǝhifǝlǝrindǝ Azǝrbaycan Hökumǝtinin qǝrarları, Parlamentin iclasları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝrin tǝfǝrrüatı, müxtǝlif tǝhlillǝr, xatirǝlǝr ǝksini tapıb. O cümlədən Qarabağ, Zǝngǝzur bölgǝlǝrinǝ dair materiallar tarixi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Cümhuriyyǝtin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dövrün ab-havası müfǝssǝl şǝkildǝ qǝzetdə işıqlandırılıb.

1919-cu ilin noyabr ayı Azərbaycan və Ermənistan arasında münaqişə və sərhəd mübahisələrinə dair gərgin danışıqların getdiyi dövr idi. Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri sərhəd məsələsinin sülh yolu ilə həllini nəzərdə tutan müqavilə imzalanmışdı. Bu və digər məsələlərin təfərrüatı dövrün əsas mətbu orqanı kimi “Azərbaycan”ın səhifələrindədir.

Külliyyatın 14-cü cildi hazır materiallar əsasında “GALAXY PRINTING MMC” mətbəəsində çap edilib. Cildin sonundakı “Adlar göstǝricisi”nə mǝtndǝki bütün şǝxs, yer, dövlǝt, xalq, qurum, idarǝ, tǝşkilat, şirkǝt vǝ s. adları, hǝtta bǝzi xüsusi terminlǝr daxil edilib. Həmçinin qəzetin hǝr nömrǝsindǝn sonra ǝlavǝ edilǝn “Qeyd vǝ şǝrhlǝr”dǝ isə oxucular üçün faydalı mǝlumatlar yer alır.

Qeyd edək ki, ilk dörd nömrǝsi Gǝncǝdǝ, sonrakı nömrǝlǝri Bakıda nǝşr edilǝn “Azǝrbaycan” qǝzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixlǝri arasında ümumilikdə 443 nömrǝsi çapdan çıxıb.

Qǝzetin redaktorları müxtǝlif vaxtlarda Ceyhun Hacıbǝyli, Şǝfi Rüstǝmbǝyli, Üzeyir Hacıbǝyli vǝ Xǝlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olublar.

“Azǝrbaycan” qǝzetinin nüsxǝlǝri Azǝrbaycan Respublikasının Milli Arxiv İdarǝsindǝ, Azǝrbaycan Respublikasının Dövlǝt Arxivindǝ, Azǝrbaycan Respublikası Prezidentinin İşlǝr İdarǝsinin Siyasi Sǝnǝdlǝr Arxivindǝ, AMEA-nın Mǝhǝmmǝd Füzuli adına Əlyazmalar İnstitutunda vǝ Azǝrbaycan Milli Kitabxanasında pǝrakǝndǝ halda saxlanmaqdadır.

ADA Universitetinin rektoru professor Hafiz Paşayevin nəşrə yazdığı ön sözdə vurğulandığı kimi, qəzetin transliterasiyası və kitab halında nəşri Azǝrbaycan Xalq Cümhuriyyǝti tarixşünaslığında yeni sǝhifǝ açaraq gələcək tǝdqiqatlar üçün mühüm stimul olacaq. Qǝzetin müasir oxucu üçün ǝlçatan olması tariximizin Cümhuriyyǝt dövrü kimi zəngin sǝhifǝsinin öyrǝnilmǝsi baxımından çox ǝhǝmiyyǝtlidir.

Külliyyatın hazır cildlərini burada oxumaq olar.

 

Vüqar Orxan