Milli Azərbaycan Tarixi Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirilib.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə muzeydən məlumat verilib.
Sərginin açılışında çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, uşaqlar cəmiyyətimizin gələcəyi, milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır. Qeyd olunub ki, sərgi muzeyin zəngin eksponatları əsasında hazırlanıb və məqsədi uşaqları tariximiz, mədəniyyətimiz və irsimizlə daha yaxından tanış etməkdir. Nümayiş olunan eksponatlar keçmiş nəsillərin həyat tərzini, uşaqlıq dünyasını və xalqımızın mədəni ənənələrini əks etdirir. Bayram münasibətilə bütün uşaqları təbrik edən Nailə Vəlixanlı onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.
Azərbaycan Fotoqrafları Birliyinin üzvü Mirnaib Həsənoğlu sərginin əhəmiyyətindən danışıb, onun ərsəyə gəlməsində iştirak edən əməkdaşlara və muzey rəhbərliyinə təşəkkürünü bildirib.
Sərgidə muzeyin zəngin kolleksiyasından etnoqrafik geyimlər, əşyalar, arxeoloji tapıntılar, qədim oyuncaqlar, fotolar və nəşrlər nümayiş olunub.






















