İyunun 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Muzeyin Gənc alimlər şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı məktəbliləri ilə yanaşı, ölkəmizdə təhsil alan əcnəbi şagirdlər, Respublika xüsusi internat məktəbinin fiziki imkanları məhdud uşaqları da iştirak ediblər.
“Sülh rəmzi uşaqlar” adlı tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov giriş sözü ilə açıb. Bildirib ki, tədbirin iyunun 2-də keçirilməsi rəmzi xarakter daşıyır. Çünki uşaqların bayramı təkcə bir günə sığa bilməz. Direktorun sözlərinə görə, dünya uşaqlarla bəzənir. Çünki onlar sülh rəmzidirlər. Uşaqların varlığında həyatın rəmzi var. Onları qorumaq, istedadlarını inkişaf etdirmək hamının borcudur.
Sonra tədbirin aparıcısı, muzeyin Gənc alimlər şurasının sədri Nuran Bağırova gənc istedadları səhnəyə dəvət edib.
Ədəbi-musiqili tədbirdə şagirdlər tərəfindən müxtəlif musiqi alətlərində ifalar, Azərbaycan, rus, Ukrayna, italyan, Çin, urdu, türk dillərində dünya ədəbiyyatından seçmələr, rəsm əsərlərinin sərgisi və digər yaradıcılıq nömrələri təqdim olunub.
Dünyaya sülh çağırışlı şeir nümunələri səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Tədbirdə istedadları ilə fərqlənən Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbin, Bakı Avropa məktəbinin, Bakı Türk ibtidai məktəbinun, habelə 3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin, 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdləri muzey rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.





















