Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 31 may – 3 iyun tarixlərində "Uşaq dünyası" Musiqi Festivalı keçirilir.
Layihənin əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onların böyük səhnəyə çıxışını təmin etmək və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir.
Mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın açılışı olub.
Mərasimdə çıxış edən Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə festivalın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu cür layihələr gələcəyin sənətkarlarının formalaşmasına təkan verir və uşaqlar arasında incəsənətə marağın daha da artmasına xidmət edir.
Festivalın ilk konsertində \rçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının (direktor-baş dirijor Mustafa Aşurov, baletmeyster Ceyhun Qubadov) və Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları eyni səhnəni bölüşüb.
Həmçinin Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.
Konsert proqramı ilə yanaşı filarmoniyanın foyesində gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi tamaşaçılara təqdim olunub.



























