Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovada Ejen İonesko Teatrının XIV Beynəlxalq İfaçılıq Sənətləri Festivalında iştirak edir.
Mayın 30-dək davam edən festivala teatr Jan Koktonun “Biganə yaraşıqlı” əsəri əsasında hazırlanan “Biganə məşuq” tamaşası ilə yollanıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa 28 may tarixində nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru quruluşçu, səhnə və musiqi tərtibatçısı Aydan Həsənzadədir. İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə, Mirzəağa Mirzəyev ifa edirlər.
Birhissəli səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.






















