Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Sevincin inciləri” ansamblının 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Bu barədə NDU-dan məlumat verilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan tədbir NDU-nun müəllimi, Prezident mükafatçısı Sevinc Babayevanın bədii rəhbərliyi ilə reallaşıb.
Əvvəlcə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Prezident mükafatçısı Mir Qabil Əkbərov Sevinc Babayevanın sənət fəaliyyəti, yaradıcılıq uğurları haqqında danışıb.
Konsertdə Azəraycan və dünya musiqisi nümunələrindən ibarət rəngarəng proqram təqdim olunub.
Proqramda Vüqar Camalzadənin “Zəngəzur”, Mahirə Nağıqızının sözlərinə yazılmış “Vətən”, Fuad Musayevin “Can qardaşı”, Vüqar Şiriyevin “Mərd adam”, Elnur Naxçıvanlının “Naxçıvanım”, Şakir Quliyevin “Türkün qartalları”, “Çahargah” kompozisiyası, “Nərgilə” Azərbaycan xalq mahnısı, eləcə də “Gürcü rəqsi”, “Bella Ciao”, “Butterfly” və s. nümunələr yer alıb.
Bayram konserti Elçin Cəfərovun “O tay, bu tay Azərbaycan” mahnısı – 75 nəfərlik kollektivin birgə ifa ilə yekunlaşıb.
Konsertin xormeysteri Aytəkin Mustafayeva, xoreoqrafları Prezident mükafatçısı Zeliha Hüseynquliyeva, Naxçıvan MR-nin Əməkdar artisti Sona Əliyeva və NDU-nun müəllimi Ramil Bağırov olub.

























