Xəbər verdiyimiz kimi, Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) münasibətilə reallaşan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində zəngin mədəni proqram təşkil olunub. Bu çərçivədə musiqi kollektivlərinin konsertləri də keçirilib.

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri konsert proqramı ilə çıxış edib.

Dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarə etdiyi konsertdə Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri səsləndirilib.

***

WUF13 çərçivəsində daha bir konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Filarmoniyadan bildirilib ki, musiqi axşamında dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. Solistlərin peşəkarlığı, orkestrin yüksək ifaçılıq səviyyəsi alqışlarla qarşılanıb.

WUF13 kimi qlobal tədbir çərçivəsində təşkil olunan konsertlər Azərbaycanın zəngin mədəniyyətinin və qədim musiqi irsinin beynəlxalq ictimaiyyətə tanıdılması, habelə xarici qonaqlarda ölkəmiz haqqında zəngin təəssüratların yaradılması baxımından böyük əhəmiyyət kəsb edib.