Mərakeş Krallığının Milli Kitabxanasının açıqladığı yeni hesabata görə, ölkənin nəşriyyat sektoru 2025-ci ildə də tədrici böyüməsini davam etdirib və il ərzində 7143 adda kitab nəşr olunub.
Paytaxt Rabatda keçirilən brifinqdə təqdim olunan 2025-ci ilin milli nəşriyyat hesabatında ötən illə müqayisədə 4% ilə 6% arasında artım qeydə alındığı vurğulanıb.
Bu barədə Mərakeşin Azərbaycandakı Səfirliyinin yaydığı mətbuat bülletenində bildirilir.
Qeyd olunur ki, ərəb dili nəşriyyat fəaliyyətində üstünlük təşkil edir və bütün kitabların təxminən üçdə ikisi bu dildə çap olunub. Fransız dili xüsusilə akademik və ixtisaslaşmış sahələrdə ümumi kitab nəşrinin dörddə birini formalaşdırıb. Amaziğ (bərbər), ingilis və digər dillər isə yerdə qalan payı bölüşüb.
Nəşriyyat fəaliyyətinə ilk yeri bədii ədəbiyyat tutur: təxminən 30%. Sonrakı pillədə 28%-lə sosial elmlərə dair kitablardır. Dini araşdırmalar nəşrlərin 12%, uşaq kitabları isə təxminən 10%-ni təşkil edib.
Hesabatda həmçinin hazırda ümumi istehsalın təxminən 18%-ni formalaşdıran fərdi nəşrlərin (müəlliflərin öz vəsaiti hesabına çap etdirdiyi kitablar) artan rolu vurğulanıb. Sektorda çap nəşrləri üstünlüyünü qoruyub saxlasa da, rəqəmsal nəşriyyat tədricən inkişaf edir. Elektron kitablar nəşrlərin təxminən 7%-ni təşkil edib.





















