Mayın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə axşamı keçirilib.

Ömrünü musiqiyə və elmə həsr etmiş dəyərli sənətkarın xatirəsinə ehtiramın ifadəsi olan tədbirdə tanınmış mədəniyyət xadimləri, sənətsevərlər iştirak ediblər.

Bu barədə ABİ-dən məlumat verilib.

​Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözündə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərindən, zəngin yaradıcılıq yolundan və musiqi elminə verdiyi töhfələrdən bəhs edib.

​ABİ-nin baş məsləhətçisi Sevda Hüseynovanın aparıcı olduğu tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və Kəminə Məmmədova bəstəkarın həyat və yaradıcılığı haqqında söz açıb, xatirələrini danışıblar. Musiqişünas, publisist Raya Abbasova da Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Xatirə axşamı konsert proqramı ilə davam edib.

Proqramda ​Elnar Məmmədovun "Simli kvartet" (ifa: "Cadenza" orkestrinin solistləri Bəhram Dolayev, Samir Əsədov, Töyli Yaxşıyev, Asim Xəlilov) və “Piano üçün variasiyalar" (ifa: Xalq artisti Ülviyyə Hacıbəyova) əsərləri səslənib, həmçinin simli orkestr üçün "Freska" və simfonik orkestr üçün “Ekspromt" əsərlərinin audioyazısı təqdim olunub.

Proqramın davamında ​Nəriman Məmmədovun "Trio" (I hissə - Üzeyir Hacıbəyliyə ithaf; ifa: Əməkdar artist Töhfə Babayeva, Əməkdar artist Elnarə Kəbirlinskaya, Əsmər Kərimli) və Qara Qarayevin piano üçün "24 prelüd" silsiləsindən 2 prelüd (I dəftər №3, №5; ifa: Xalq artisti Ülviyyə Hacıbəyova) ifa olunub.