Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Muzeydən bildirilib ki, məqsəd iki qurum arasında praktiki əlaqələri genişləndirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, birgə proqramlar təşkil etmək və digər fəaliyyətləri həyata keçirməkdir.
Memoranduma əsasən, universitetdə fəaliyyət göstərən tədqiqatçıların təkliflərindən muzeyin fəaliyyətində istifadə olunması, universitetin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin müvafiq sahədə könüllü və təcrübə proqramlarında, seminar və təlimlərdə iştirakının dəstəklənməsi nəzərdə tutulur.
Həmçinin buraxılış və magistr dissertasiyası işlərinə rəhbərlik etmək üçün muzey nümayəndələrinin cəlb olunması, muzeyin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən universitet tələbələri üçün ixtisaslarının müxtəlif istiqamətləri üzrə “ustad dərsləri”nin təşkil edilməsi və s. sənəddə əksini tapıb.





















