Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakıya gələn Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hijjavi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Qeyd edək ki, fələstinli nazir illər öncə AzMİU-da ali təhsil alıb.
Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin zəngin tarixi, beynəlxalq əlaqələri, müasir tədris imkanları, elmi potensialı və strateji inkişaf istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın memarlıq, inşaat, şəhərsalma, dizayn və mühəndislik sahələri üzrə aparıcı ali təhsil müəssisəsi olan AzMİU bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq akademik müstəvidə də nüfuzunu davamlı şəkildə artırır.
Professor Gülçöhrə Məmmədova BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, WUF13 Azərbaycanın qlobal şəhərsalma və urban inkişaf gündəliyində fəal aktora çevrildiyini, ölkənin beynəlxalq nüfuzunun yüksəldiyini bir daha nümayiş etdirir. Rektor bildirib ki, forum, eyni zamanda, ali təhsil müəssisələri üçün yeni akademik tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində mühüm platformadır.
Görüş zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərinə də toxunulub. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, müasir infrastruktur quruculuğu və yeni şəhərsalma yanaşmaları bu gün beynəlxalq səviyyədə maraq doğuran uğurlu təcrübə kimi diqqət çəkir.
Fələstinli nazir Sami Hijjavi tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. O, AzMİU-da keçirdiyi illərin onun peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək ölkəmizlə bağlı müsbət təəssüratını bölüşüb. Bildirib ki, Azərbaycanın xüsusilə postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq tempi, infrastrukturun yenidən qurulması və şəhərsalma yanaşmaları təqdirəlayiqdir. Sami Hijjavi WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq mövqeyinin və artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Əhməd Metani çıxışında fələstinli gənclərin Azərbaycanda, xüsusilə AzMİU kimi ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına böyük maraq göstərdiyini bildirib.
Görüşdə ali təhsil, akademik əməkdaşlıq, şəhərsalma, yerli idarəetmə və gələcək mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Sami Hijjavinin AzMİU-nun arxivində saxlanılan qiymət kitabçası və ona aid digər sənədlər özünə təqdim edilib. Qonaq vaxtilə təhsil aldığı fakültəyə, ixtisas kafedrasına və laboratoriyalara baş çəkib.
























