Türk musiqiçilərindən ibarət “LAGOM” kvarteti müasir bəstəkarların əsərləri ilə Avropanın müxtəlif şəhərlərində böyük uğurla çıxış edirlər.
Təqdim olunan əsərlər sırasında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, UNESCO-nun "Sülh artisti" Firəngiz Əlizadənin musiqisi xüsusi yer tutur.
Artıq Fransanın Paris, Belfort şəhərlərində konsertlər baş tutub, səfər proqramı Niderlandın Amsterdam, Rotterdam və Utrecht şəhərlərini də əhatə edir.
Firəngiz Əlizadənin “Muğamsayağı”, “Rəqs”, “Oazis” əsərləri “LAGOM” kvartetinin ifasında Avropa dinləyicilərinin böyük marağına səbəb olur.
Bu günlərdə Kaliforniya ştatının Los-Angeles, Sacramento, San Jose, San Diego, Beverly Hills şəhərlərində amerikalı musiqiçilərdən ibarət “CAMARADA” ansamblının konsertləri keçirilib. Ansambl müasir musiqinin iki görkəmli nümayəndəsinin üslubunu birləşdirən “Philip Glass – Franghiz Ali-Zadeh” adlı olduqca maraqlı proqram təqdim ediblər.
Konsert proqramında Firəngiz Əlizadənin müxtəlif alətlərin tərkibləri üçün yazdığı əsərləri - “Oyan!” (Parisdə keçirilən VIII beynəlxalq violonçel müsabiqəsi üçün sifariş olunmuş əsər), “Rəqs”, “Atəş”, eləcə də heç vaxt aktuallığını itirməyən “Muğamsayağı” səsləndirilib. Bu əsərin ABŞ-nin “KRONOS” kvartetinin ifasında səs yazısı vaxtilə “Grammy Awards” mükafatına layiq görülüb.























