XX əsrin ikinci yarısından bəri dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı iki dəfədən çox artıb. 1950-ci ildə şəhər əhalisinin payı 20 faiz idi, 2025-ci ildə 45 faizə çatıb.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer (Cheryl Sawyer) bu məlumatı Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda paneldə diqqətə çatdırıb.

Paneldə BMT-nin “Dünya Urbanizasiya Proqnozları” hesabatını təqdim edən təmsilçi qeyd edib ki, 2025-ci ildə  İndoneziyanın paytaxtı Cakarta 42 milyon əhalisi ilə dünyanın ən böyük şəhəri reytinqində birinci yerə çıxıb. Yeni metodologiyaya görə, ikinci yerdə Bangladeşin paytaxtı Dəkkə (37 milyon), üçüncü yerdə isə Tokio (33 milyon) qərarlaşıb.

Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin artımının əsas hissəsi şəhərlərdə baş verəcək və urbanizasiya prosesi xüsusilə inkişaf etməkdə olan ölkələrdə sürətlənəcək.

Hesabata görə, 2025-ci ildə dünya əhalisinin 45 faizi şəhərlərdə, 36 faizi isə qəsəbələrdə yaşayır. Kənd əhalisinin payı isə cəmi 19 faiz təşkil edir.

BMT nümayəndəsi bildirib ki, qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı yeddi ölkənin payına düşəcək. Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025–2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu, həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxu deməkdir.

Hesabata görə, dünya üzrə 3.000-dən çox şəhərdə 2015–2025-ci illər arasında əhali azalması müşahidə edilib. Bu şəhərlərin üçdə birindən çoxu Çinə, 17 faizi Hindistana aiddir. Hesabat bildirilir ki, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir: Mexiko (Meksika) və Çendu (Çin) kimi iri şəhərlər əhali azalması ilə üzləşib.