Gəncə Dövlət Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordeni laureatı Fəxrəddin Manafovla görüş keçirilib.
Bu barədə teatrdan məlumat verilib.
Görüşdə teatrın kollektivi ilə yanaşı, sənətsevərlər də iştirak ediblər.
Xalq artisti əvvəlcə teatrda yaradılan şəraitlə tanış olub, sənət ocağının fəaliyyəti, son illərdə həyata keçirilən layihələr və yeni səhnə işləri barədə məlumat verilib. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev qeyd edib ki, Azərbaycan səhnə sənətinin inkişafında mühüm xidmətləri olan sənətkarlarla belə görüşlərin təşkili gənc nəslin maariflənməsi və milli teatr ənənələrinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbiri giriş sözü ilə açan teatrın repertuar və dramaturgiya işləri üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtogrul Burcəliyev Xalq artisti Fəxrəddin Manafovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, sənətkar film və tamaşalarda yaratdığı rəngarəng obrazlar qalereyası ilə sənətsevərlərin dərin rəğbətini qazanıb.
Səmimi atmosferdə keçən görüşdə Fəxrəddin Manafov sənətə gəlişi, teatr və kino yaradıcılığı, səhnə həyatının unudulmaz məqamları barədə danışıb.
Görüş iştirakçıları tərəfindən sənətkara müxtəlif suallar ünvanlanıb. Aktyor klassik və müasir dramaturgiyaya münasibəti, kino və teatr arasında fərqlər, yeni nəsil aktyorların inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, gənc aktyorlara peşəyə sevgi, məsuliyyət və davamlı yaradıcılıq axtarışlarının vacibliyini tövsiyə edib. Xalq artisti həmçinin teatrın insanın mənəvi dünyasının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm vasitə olduğunu diqqətə çatdırıb.
Sənətkarın yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Fəxrəddin Manafov görüşün təşkilinə görə Gəncə Dövlət Milli Dram Teatrının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib, yeni yaradıcılıq uğurları arzulayıb.


























