Milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, tarzən Hacı Məmmədovun (1920–1981) anadan olmasının 106-cı ildönümünə edilmiş Xalq çalğı alətləri ifaçılarının I Mərkəzi Aran regional müsabiqəsinə yekun vurulub. Mayın 15-də müsabiqədə fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən müsabiqədə regional idarənin tabeliyindəki musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
Bu barədə Mərkəzi Aran RMİ-dən məlumat verilib.
Müsabiqənin keçirilməsində məqsəd milli musiqi irsimizin təbliği, xalq çalğı alətləri üzrə istedadlı ifaçıların üzə çıxarılması, gənc ifaçıların bacarıqlarını nümayiş etdirmək üçün səmərəli şəraitin yaradılması və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
Tar, qarmon və kamança ixtisasları olmaqla iki yaş qrupu üzrə iki mərhələdə keçirilən müsabiqənin yekununda peşəkar münsiflər heyəti tərəfindən mükafatçılar müəyyən edilib.
Mükafatlandırma mərasimində hər üç ixtisas üzrə I, II və III dərəcəli diplomlar sahiblərinə təqdim olunub.
Sonra qaliblərin iştirakı ilə konsert keçirilib.
























