Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilmiş “Dilinə, millətinə, yurduna vurğun” adlı ədəbi-musiqili tədbir keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından olan Səməd Vurğunun ömür yolundan, Azərbaycanın ədəbi fikir salnaməsindəki rolundan danışıb. Fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şairin milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynadığı vurğulanıb. Bildirib ki, böyük söz ustadı ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirib.
Vurğulanıb ki, ədibin milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir.
“Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Şairin təkcə yaradıcılığı deyil, bütövlükdə şəxsiyyəti də azərbaycançılıq idealına xidmət edib”, - deyə akademik Rafael Hüseynov əlavə edib.
“Dilinə, millətinə, yurduna vurğun” adlı tədbirdə Bakı şəhərinin məktəb və liseyləri də təmsil olunublar.
Muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun aparıcılığı ilə davam edən tədbirdə məktəblilər Səməd Vurğunun şeirlərini söyləyib, ədibin sözlərinə bəstələnmiş mahnılar ifa edib, “Vaqif” tamaşasından səhnələr göstəriblər.
Tədbirdə Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov və ev-muzeyinin əməkdaşları iştirak ediblər.
Muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin və Həmkarlar təşkilatının birgə təşkil etdiyi tədbirin sonunda məktəblilər fəxri fərmanlarla təltif olunublar.























