15 may – Beynəlxalq Ailə Günü münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyndəki “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”də maarifləndirici və sosial-mədəni tədbir keçirilib. 

Şəhid və qazı ailələrinin iştirakı ilə keçirilən tədbirdə qoruq ərazisinin zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri, qayaüstü təsvirləri və arxeoloji abidələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Keşikçidağ yalnız tarixi və arxeoloji baxımdan deyil, eyni zamanda milli-mənəvi dəyərlərin yaşadıldığı mühüm mədəni məkanlardan biridir. 

Tədbir çərçivəsində ailə dəyərlərinin cəmiyyətin inkişafındakı əhəmiyyətindən bəhs olunmuş, sağlam ailə modelinin formalaşdırılması, milli birlik və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində bu kimi təşəbbüslərin vacibliyi vurğulanıb.

Şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu, onların cəmiyyət üçün nümunəvi mövqeyi vurğulanıb.

Eyni zamanda iştirakçıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil olunub. Səmimi və mənəvi birlik ruhunda keçən tədbir ailə dəyərlərinin təşviqi, ictimai həmrəyliyin möhkəmləndirilməsi və tarixi-mədəni irsin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.