Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli 13-14 may tarixlərində Tatarıstanın (RF) Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir.
Sessiyada çıxış edən Adil Kərimli yenidən ICESCO-nun baş direktoru vəzifəsinə seçilən Salim bin Məhəmməd əl-Malikə ölkəmiz adından təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.
Nazir bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir. Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması, Ağdamın "İmarət" Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ötən il ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi, işğaldan azad olunmuş ərazilərimizə ICESCO tərəfindən həyata keçirilən beynəlxalq texniki missiyalar sıx əməkdaşlığın bariz nümunəsidir.
"Biz ICESCO-nun müvafiq sahədə təcrübəsinin İslam dünyasının digər münaqişələrdən təsirlənmiş ərazilərində tətbiq etməyin əhəmiyyətli olduğuna inanırıq. Münaqişə zamanı zərər görmüş maddi və qeyri-maddi mədəni irsin bərpası və bu istiqamətdə bir yol xəritəsi, hərtərəfli konsepsiya hazırlamaq üçün ICESCO və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. ICESCO da daxil olmaqla beynəlxalq tərəfdaşlarımızla birlikdə bu mövzu ilə bağlı xüsusi sessiya keçirməyi və gələn həftə Bakıda təşkil olunacaq Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində bir təhlükəsizlik modeli təqdim etməyi planlaşdırırıq", - deyə nazir bildirib.
Bakıda ICESCO-nun Regional Ofisinin açılmasını çox vacib addım kimi dəyərləndirən Adil Kərimli qeyd edib ki, Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanı əhatə edən ofis İslam dünyası üçün strateji əhəmiyyətə malik bölgədə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi üçün işçi platforma rolunu oynayır.
Nazir çıxışında Heydər Əliyev Fondu və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” haqqında da söz açıb. Deyib ki, bu mükafat mədəni dialoq üçün möhkəm təməl və yeni imkanlar yaradır.
Adil Kərimli ICESCO-nun 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı Prosesi"nin əsas tərəfdaşlarından olduğunu bildirib, tədbir iştirakçılarını bu platforma çərçivəsində cari il oktyabrın 27-dən 29-dək Bakıda keçiriləcək VII Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.





















