Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq.

Muzeydən bildirilib ki, sərgidə muzey kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş olunacaq. Ekspozisiya Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsini və tarixi abidələrin ornamental yaddaşda yaşadılmasını əks etdirir.

Sərgidə Xalq rəssamları Lətif  Kərimov, Eldar Mikayılzadə, Əməkdar rəssam Taryer Bəşirov, gənc xalçaçı-rəssam Afaq Abdullayeva və başqalarının əsərləri yer alacaq. Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası və rəssam Cəmilə Həşimovanın “Yol” konseptual layihəsi isə ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

“Xalçalarda memarlıq” sərgisi Azərbaycan xalça sənətində memarlıq irsinin estetik və fəlsəfi təcəssümünü nümayiş etdirir, ənənə ilə müasir baxış arasında yaradıcı əlaqə yaradır.