Mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlanıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival bu il də Şuşanı musiqi və rəngarəng mədəniyyətlərin ünvanına çevirib.

Festivalda yerli incəsənət nümayəndələri yanaşı müxtəlif ölkələrdən musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib.  ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri builki "Xarıbülbül"ə dəvət olunub.

Beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir.

“Xarıbülbül”ün açılış konsertində Xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, Əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, eləcə də İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti Mara Hüseynova, həmçinin Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-Folk Ansamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı və Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.

Festivalın açılış konserti “Qarabağ yallısı” ilə başa çatıb.