Mayın 11-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.
BMM-dən verilən məlumata görə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümunə həsr edilən konsertin xalq mahnıları və muğamlardan ibarət zəngin proqramı olub.
Tar, kamança və qanun alətlərində ifalar, eləcə də nağara, balaban və fortepianoda müşayiətlə təqdim olunan proqram tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.
Əməkdar artist, kamançaçı İsmayıl Həmidov, tanınmış tarzən və pedaqoq Murtuza Əsədullayev, kamançaçı Vidadi Paşayev, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Fariz Hüseynov, Aida Rəfiyeva, müsabiqələr laureatı Hüseyn Quliyev, tarzən Çingiz Ağazadə, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aysun Sultanova, Cəlal Şahbəddinov bir-birindən maraqlı ifalar təqdim ediblər.
Qeyd edək ki, ifaçılıq ənənələrinin yaşadılması məqsədi daşıyan, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn "Azərbaycan muğamı" layihəsi ayda bir dəfə BMM-də sənətsevərlərin görüşünə gəlir.
























