Mayın 19-da Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılacaq. Sənətkarın 55 illik yubileyi münasibətilə təqdim edəcəyi sərgidə müxtəlif növ və janrlarında yaratdığı 50-dək əsər nümayiş olunacaq.
Rəssam bildirib ki, sərginin qardaş Türkiyənin tarixindəki əlamətdar günə, 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını sənət dili ilə ifadə edir.
Eldəniz Babayev qeyd edib ki, ekspozisiyada Ulu öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin müstəqillik ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri yer alacaq: “Burada ötən il yaratdığım və hazırda İstanbulda Türkiyə İş Bankının binasında M.K.Atatürkə həsr olunan salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərimin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də nümayiş olunacaq. Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim ediləcək. Ekspozisiyanı görkəmli xalçaşünas alim, Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə yaratdığım portret və xalça mövzusunda tablolar tamamlayacaq".
“Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycanda Atatürk Mərkəzi, Bakı Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə ərsəyə gəlib.
Eldəniz Babayevin yubiley sərgisi iyunun 2-dək davam edəcək.



















