Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evində “Yüksəliş” müsabiqəsinin iştirakçıları və qalibləri ilə görüş keçirilib. Görüşdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru akademik Rafael Hüseynov gəncləri maraqlandıran sualları cavablandırıb, ətraflı fikir mübadiləsi aparılıb.

Bu barədə Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən məlumat verilib.

Akademik Rafael Hüseynov gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

2019-2025-ci illərdə “Yüksəliş” müsabiqəsinin 5 mövsümü olub, 39 536 nəfər qeydiyyatdan keçib. 5 müsabiqə nəticəsində 116 nəfər qalib statusu qazanıb. Hazırda  6-cı “Yüksəliş” müsabiqəsinin mərhələləri davam edir.