Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yeni dövrün Azərbaycanı” adlı XVII beynəlxalq elmi konfrans keçirilib.
BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsinin Azərbaycan dövlətinin quruluşu və müasir inkişaf dinamikası baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, konfrans Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin araşdırılmasına həsr olunub və bu istiqamətdə elmi-tədqiqatların genişləndirilməsini hədəfləyir.
Rektorun sözlərinə görə, builki konfransın əsas istiqaməti “Bütöv Azərbaycan” konsepsiyası və bu çərçivədə alim və tədqiqatçılar müxtəlif sahələr üzrə fənlərarası yanaşmalar əsasında güclü Azərbaycan modelini araşdırırlar.
Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Heydər Əliyevin şəxsiyyəti ilə Azərbaycanın dövlətçilik prinsipləri arasında xüsusi bir vəhdət mövcuddur. Deputatın sözlərinə görə, Azərbaycanın bugünkü xarici siyasət kursu bütün dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi, siyasi kursu və inkişaf istiqamətləri birbaşa Heydər Əliyevin irsindən qaynaqlanır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davamıdır.
Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü professor Mahirə Hüseynova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu gün milli birliyin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biridir. Qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, müasir Azərbaycanın beynəlxalq nüfuzu və strateji gücü Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun nəticəsidir. Heydər Əliyev Azərbaycanın xarici siyasət prioritetlərini milli maraqlar üzərində quraraq ölkənin gələcək inkişaf modelinin əsasını formalaşdırıb. Prezident İlham Əliyev tərəfindən bu siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradan güclü dövlətə çevrilib. Rizvan Nəbiyevin sözlərinə görə, “Yeni dövrün Azərbaycanı” konsepsiyası məhz Ulu Öndərin ideyalarının müasir dövrdə praktik təcəssümüdür.
Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov Azərbaycan və Özbəkistan arasında sosial, iqtisadi, mədəni və humanitar əlaqələrin təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun səyləri nəticəsində qoyulduğunu vurğulayıb. Bildirib ki, bu gün müasir Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həmin münasibətlər daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bahodir Xolikov Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, iki ölkə arasında akademik əməkdaşlıq yalnız formal sazişlərlə məhdudlaşmamalı, birgə tədqiqatlar, tələbə mübadiləsi və ortaq təhsil layihələri əsasında strateji tərəfdaşlığa çevrilməlidir.
Tədbir bədii hissə ilə davam edib.























