5-8 may tarixlərində Türkiyənin İzmir və Bursa şəhərlərində "Azərbaycan kinosu günləri" keçirilir.
Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı, İzmir və Bursa Mədəniyyət və Turizm idarələrinin, hər iki şəhərdəki Azərbaycan dərnəklərinin dəstəyi ilə reallaşır.
İzmirdə keçirilən Turan Film Festivalı çərçivəsində təşkil edilən tədbirə Ege Universitetindəki açılış mərasimi ilə start verilib.
Mərasimdə Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru professor Mehmet Ersan, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ARKA baş direktorunun köməkçisi Rüfət Qarazadə çıxış ediblər.
Açılış tədbirində rejissor Xəyyam Abdullayevin “Nargin: Sona qədər sirli” filmi nümayiş olunub.
Filmin ssenari müəllifi, rejissor Xəyyam Abdullayev və baş rolda yer alan aktrisa Günel İmanova da tədbirdə iştirak ediblər.
Ekran əsərində Xəzər dənizində, Bakı yaxınlığında yerləşən Nargin adasında saxlanılan Osmanlı əsirlərinin ağır həyatı, eləcə də Azərbaycan xalqının həmin əsirlərə göstərdiyi qardaşlıq köməyi, mərhəmət və humanist dəyərlər təsvir olunur. Film Azərbaycan türklərinin çətin tarixi şəraitdə belə türk qardaşlarına yardım göstərmək üçün nümayiş etdirdiyi fədakarlığı ön plana çıxarır, dostluq-qardaşlıq dəyərlərinin ən ağır sınaqlardan belə daha da güclənərək çıxdığını nümayiş etdirir.
Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyədə “Azərbaycan kinosu günləri”nin proqramına həmçinin “Buta” bədii filmi (rejissor İlqar Nəcəf), “Zəfər rəqsi” sənədli filmi (rejissor Gəray Həsən), eləcə də “Qaynana” bədii filmi (1978, rejissor Hüseyn Seyidzadə) daxildir.























