Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bədii kollektivlərin ölkə üzrə qastrol proqramı davam edir.

Layihə çərçivəsində mayın 5-də Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin Xaçmazda konsert proqramı təqdim olunub.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə orkestrin bədii rəhbəri Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət əsərlərini səsləndirib.

Proqramda xarici ölkə bəstəkarlarının yaradıcılığına da müraciət olunub. Orkestrin və solistlərin ifasında Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı” və digər əsərlər yüksək şövqlə təqdim edilib.

Konsert proqramı xaçmazlı musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib. Bütün musiqi nömrələri alqışlarla qarşılanıb.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.