“Uşaq İncəsənət Festivalı – 2025”in qalibi, Zaqatala şəhər Uşaq incəsənət məktəbinin şagirdi Arif Qarəhmədlinin solo konserti olub.

Aprelin 30-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, idarə və təşkilat nümayəndələri, mədəniyyət və təhsil işçiləri, sənətsevərlər iştirak ediblər.

Gənc vokalçının ifasında “Sevgili canan”, “Ey xəyal”, “Ana”, “Nazəndə sevgilim”, “Ey Vətən”, “Bakı, əziz şəhər", “Azərbaycan”, "O sole mio”, “Sənə də qalmaz”, “Mavi əbədiyyət” kimi musiqi nömrələri alqışlarla qarşılanıb.

Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında “Uzundərə” və “Bayram" rəqsi təqdim edilib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov çıxışında Arif Qarəhmədlini təbrik edib, ona yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Arif Qarəhmədli 2025-ci ildə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında uğurla çıxış edərək “vokal” nominasiyasında I yerə layiq görülüb.