Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinin buraxılış-hesabat konserti keçirilib.

Tədbir mərhum balet ustası, Xalq artisti Tamilla Şirəliyevanın (1946–2025) 80 illik yubileyinə həsr olunub. Tamilla Şirəliyevanın Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə ehtiram əlaməti olaraq tərtib edilən konsert proqramının tamaşaçıları arasında Prezident Administrasiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın professor-müəllim heyəti, tələbələr və çoxsaylı sənətsevərlər olub.

Konsert proqramı Azərbaycan və dünya xoreoqrafiya sənətinin incilərini əhatə edən rəngarəng çıxışlarla yadda qalıb.

BXA tələbələrinin ifasında “Toy rəqsi”, “Qız Qalası” baletindən "Adajio", "Qarabağ yallısı", “Sarı gəlin”, “Yatmış gözəl” baletindən "Vals", “Qazağı” rəqsi, “Don Kixot” baletindən Kitrinin variasiyası və digər rəngarəng xoreoqrafik nömrələr təqdim olunub.

Gənc ifaçıların yüksək peşəkarlıqla nümayiş etdirdiyi proqram tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsertin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-Zadədir.