Naxçıvan Dövlət Universiteti (NDU) ilə Çin Xalq Respublikasının (ÇXR) Sincan Universiteti (Xinjiang University) arasında əməkdaşlıq qurulur. Əməkdaşlığın mümkün istiqamətləri NDU-nun rektoru Elbrus İsayevin ÇXR-in Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində Sincan Universitetinin prezidenti Ma Xinbin ilə görüşündə müzakirə olunub.

NDU-dan verilən məlumata görə, görüşdə Sincan Universitetinin vitse-prezident Shawulie Yimahazi, Urumçi Şəhər Xarici Əlaqələr İdarəsinin direktor müavini Zinati Abulikemu, digər məsul şəxslər də iştirak ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Rektor Elbrus İsayev NDU-nun fəaliyyəti, xüsusilə beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

İlkin mərhələdə yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, informasiya təhlükəsizliyi ixtisası üzrə ikili diplom proqramının yaradılması, süni intellekt və biotexnologiya sahələrində birgə mərkəzlərin qurulması barədə razılığa gəlinib.

Bununla yanaşı, tərəflər arasında birgə İpək Yolu Araşdırmalar Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. Bu təşəbbüs gələcəkdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə, akademik mübadilənin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Görüş çərçivəsində Urumçi və Naxçıvan şəhərləri arasında mövcud qardaşlaşma əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Bu münasibətlər iki şəhər arasında mədəni və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Universitetlərarası əlaqələrin inkişafının şəhərlərarası tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Sonda Sincan Universitetinin kampusu, Süni intellekt mərkəzi və innovasiya laboratoriyaları ilə tanışlıq olub.