Mərakeş Kralı VI Məhəmməd tərəfindən 1 noyabr 2018-ci ildə təməli qoyulan və səkkiz ilə yaxın inşası davam edən 250 metr hündürlüyündə göydələn 13 aprel 2026-cı ildə təntənəli mərasimlə istifadəyə verilib.

Rabat və Sale şəhərləri arasında, Bureqreq çayı sahilində ucalan və “VI Məhəmməd Qülləsi” adı verilən tikili hazırda Mərakeşin ən hündür binasıdır.

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin yaydığı məlumata görə, ispaniyalı memar Rafael de la Hoz və mərakeşli memar Hakim Benjellounun birgə layihələndirdiyi tikilinin arxasında aydın bir vizyon dayanır: Mərakeşin yüksəlişini simvolizə edən raketvari siluet.

55 mərtəbədən ibarət və ümumilikdə 103 min kvadrat metrə yaxın sahəsi olan göydələn-qüllə geniş spektrli funksiyaları özündə birləşdirir: bura yüksək səviyyəli ofis sahələri, lüks yaşayış mənzilləri, "Waldorf Astoria" brendi altında fəaliyyət göstərən dəbdəbəli hotel, rəsədxana, sərgi zonaları, restoranlar, konfrans zalı və sənət qalereyası daxildir. Çay üzərindəki ponton isə Bureqreqdən birbaşa girişi təmin edir.

"BESIX-TGCC" konsorsiumu tərəfindən inşa edilən tikili 60 kilometr məsafədən görünərək Atlantik okeanına və Bureqreq çayının hər iki sahilinə panoramik mənzərə təqdim edir. Binanın yuxarı mərtəbələrində iki xüsusi məkan yerləşir: 50-ci mərtəbədə mühüm tarixi yerləri rəqəmsal senoqrafiya ilə nümayiş etdirən rəsədxana, 51-ci mərtəbədə isə ərəb-Əndəlüs “qızıl dövr”ünün astronomiya elminə həsr olunmuş "Səma ərəbcə danışır" adlı daimi sərginin nümayiş olunduğu 22 metr hündürlüyündə şüşə "kokpit" yer alır.

Burada həmçinin 143 mərakeşli və əcnəbi rəssamın 7000-ə yaxın əsərindən ibarət geniş sənət kolleksiyası saxlanılır. Fransız interyer memarı Pier-İv Roşonun rəhbərliyi altında xüsusi dizayn edilmiş mebellər, monumental heykəllər, freskalar və incə gips xəttatlıq nümunələri ənənəvi Mərakeş sənətkarlığı ilə müasir dizaynı bir araya gətirir.

Rabatın Böyük Teatrı və "Al Boraq" yüksəksürətli dəmir yolu xətti arasında yerləşən VI Məhəmməd Qülləsi sürətlə transformasiya olunan şəhər landşaftının mühüm hissəsidir. Möhtəşəm tikili cəlbedici görkəmi ilə Mərakeş turizminə də mühüm töhfə olacaq.