XX əsr dünya musiqisinin ən parlaq simalarından biri, görkəmli violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçin  (1927–2007) vəfatının ildönümü münasibətilə aprelin 27-də Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində klassik musiqi konserti təşkil olunub.

“Əbədi melodiya: M.Rostropoviç irsi” adlı tədbirdə həmçinin bu il 135 illik yubileyi qeyd olunan görkəmli rus bəstəkarı Sergey Prokofyevin (1891–1953) Maestro ilə dostluq və zəngin yaradıcılıq əlaqələrinə nəzər salınıb.

Bu barədə muzeydən məlumat verilib.

Tədbiri muzeyin icraçı rəhbəri Günay Əliyeva açaraq qeyd edib ki, Bakıda dünyaya gələn M.Rostropoviç yalnız misilsiz ifaçılıq sənəti ilə deyil, həm də azad sənət düşüncəsinin, humanizm ideallarının və yüksək mədəni dəyərlərin daşıyıcısı kimi dünya musiqi tarixində silinməz iz qoyub.

O, həmçinin diqqətə çatdırıb ki, M.Rostropoviç və S.Prokofyev arasında yaradıcılıq əlaqələri XX əsr musiqi tarixində xüsusi yerə malikdir və ən təsirli bəstəkar–ifaçı münasibətlərindən biri kimi qiymətləndirilir. Bu münasibət 1940-cı illərin sonlarından violonçel repertuarının inkişafına mühüm təsir göstərib və musiqi sənətində yeni ifadə imkanları açıb. Prokofyev Rostropoviçin ifasını ilk dəfə dinlədikdə onun texniki ustalığı və emosional ifa dərinliyindən güclü təsirlənib, nəticədə violonçel üçün daha ciddi və irihəcmli əsərlər yazmağa qərar verib. M.Rostropoviç isə bu prosesdə sadəcə ifaçı kimi deyil, həm də yaradıcı tərəfdaş kimi çıxış edib, bəstəkarın ideyalarının formalaşmasına birbaşa təsir göstərib.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında V.Motsart, S.Prokofyev, A.Piattinin əsərləri səsləndirilib.

Muzeyin zəngin fondunda qorunan fotolardan ibarət slayd-şou və videolar nümayiş olunub.

Tədbirdə fəxri qonaq qismində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus iştirak edib.