Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası işçi qrupunun heyəti Azərbaycana səfər çərçivəsində Göygöl rayonunda olub.

Bundestaqının heyətində qrupun rəhbəri Edis Mirze (Bundestaqda Sol Partiya (Die Linke) fraksiyasının üzvü, əslən Türkiyənin Qars vilayətindədir), eləcə də deputatlar Daniel Kölbl (CDU/CSU), Macit Karaahmetoğlu (SPD fraksiyası, əslən Türkiyənin Rize vilayətindədir), Harald Ebner (Bündnis 90/Die Grünen) və Sergej Minich (AfD) yer alıblar.

Deputatları Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, Milli Məclisin deputatı, Azərbaycan–Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov müşayiət ediblər.

Almaniyalı qonaqlarla görüşən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonunun tarixi-mədəni irsi, bölgənin turizm potensialı barədə məlumat verib.

Azərbaycan–Almaniya əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti rayonun tarixi məkanları, o cümlədən vaxtilə burada yaşamış alman icmasının tarixi-mədəni izlərini yaşadan XIX əsrə aid kirxa, şərabçılıq müəssisəsinin yeraltı anbarı, Göygöl (keçmiş Helendorf) şəhərinin sonuncu alman sakini Viktor Kleiynın hazırda muzey kimi saxlanılan evi ilə maraqla tanış olublar.