Kolumbiya Respublikasının Azərbaycandakı yeni səfiri xanım Nelsi Rakel Munar Xaramiyon və Kolumbiyanın ölkəmizdəki konsulu, səfirliyin mədəniyyət işləri üzrə məsul şəxsi Andres Felipe Giraldo Lopez aprelin 24-də Milli Kitabxanada olublar.
Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 65 kitabxanası ilə müvafiq memorandum əsasında əməkdaşlıq etdiyi, o cümlədən Kolumbiya Milli Kitabxanası ilə 2023-cü ildə memorandum imzalandığı, eləcə də 90-dan artıq ölkə ilə kitab mübadiləsi aparıldığı diqqətə çatdırılıb.
Direktor hər iki ölkənin Milli kitabxanalarında milli ədəbiyyat bölmələrinin açılmasının vacibliyini vurğulayaraq, bu ilin oktyabrında keçiriləcək növbəti Bakı Beynəlxalq Kitab Sərgisi zamanı Azərbaycan Milli Kitabxanasında Kolumbiya ədəbiyyatı guşəsinin təşkilini məqsədəmüvafiq hesab edib.
Səfir Nelsi Rakel Munar Xaramiyon səmimi qəbula görə təşəkkür edərək Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. Səfir həmçinin gələn ilin aprelində Kolumbiya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılmasına lazımi dəstək verəcəyini söyləyib.
Sonra qonaqlar Milli Kitabxana ilə tanış olub.
Kərim Tahirov səfirə “İrs” Nəşriyyat Evinin Azərbaycanın mədəni irsindən bəhs edən “Tükənməz xəzinə” kitabını və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Azərbaycan xəritəsini hədiyyə edib.



















