Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera Ödülləri”nin laureatı olub.
Rejissor bu mükafata kino və teatr sahəsində uzunmüddətli yaradıcılıq fəaliyyətinə, həmçinin Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin Ankara şəhərində baş tutan uğurlu premyerasına görə layiq görülüb. Filmin nümayişi qardaş ölkənin mediasında geniş əks-səda doğurmuş, onunla bağlı çoxsaylı materiallar dərc olunmuşdu.
Məlumat üçün bildirək ki, “Gümüş Karyera Ödülləri” təqdimatı müxtəlif sahələrdə uğur qazanan şəxslərin təltif edildiyi ictimai-mədəni əhəmiyyətli tədbirdir. Mükafatlandırma “BY Media” şirkətinin “Protokol” dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət, akademik sahələrdə fərqlənən simaları əhatə edir.
Mükafatların builki təqdimetmə mərasimi mayın 20-də Ankara şəhərində olacaq.
Qeyd edək ki, bu il dördüncü dəfə keçiriləcək mükafatlandırma mərasimi tanıtım və peşəkar fəaliyyətin qiymətləndirilməsi baxımından mühüm platformadır.



















