Müasir Azərbaycan təsviri sənətində şəhər obrazı yalnız vizual motiv deyil, həm də yaddaşın, tarixi təfəkkürün və estetik dəyərlərin daşıyıcısı kimi çıxış edir. Bu baxımdan İçərişəhər mövzusu xüsusi əhəmiyyət daşıyır. Tarixi Orta əsrlərə, təxminən XII əsrə gedib çıxan bu qədim şəhər yalnız memarlıq abidələrinin məcmusu deyil, bütöv bir həyat tərzinin, mədəni kodların və zaman qatlarının canlı şahididir. Qnun qala divarları, daş küçələri və məkan yaddaşı əsrlər boyu formalaşmış bir mədəniyyətin göstəricisidir.

Son illərdə İçərişəhər mövzusuna müraciət edən rəssamlar arasında Tahir Şıxəliyev fərqli və konseptual yanaşması ilə seçilir. Onun yaradıcılığında İçərişəhər artıq sadəcə təsvir olunan məkan deyil. O, yenidən düşünülən, qurulan və bədii təxəyyül vasitəsilə interpretasiya olunan bir aləmdir. Ənənəvi təsvirlərdə rast gəlinən dar küçələr, memarlıq elementləri və dekorativ detallar fonunda formalaşan şəhər obrazından fərqli olaraq, Şıxəliyev bu məkana təsirli və yaradıcı baxış təqdim edir. O, mövcud reallığı təkrarlamaqdan imtina edir, əvəzində isə görmək istədiyi, arzuladığı və qorumağa çağırdığı İçərişəhəri yaradır.

Azərbaycan Rəssamlar İttifaqında keçirilən “Rəngkarlıq və qrafika” sərgisi bu baxımdan xüsusi aktuallıq kəsb edir. Sərgidə təqdim olunan əsərlər Bakının ürəyi sayılan İçərişəhəri yalnız keçmişin izi kimi deyil, gələcəyə ünvanlanan estetik və mənəvi mesaj kimi təqdim edir. Rəssam burada bir növ “ideal şəhər” modelini qurur. Yaddaşın, arzunun və bədii düşüncələrin vəhdətində formalaşan bir şəhər. Tahir Şıxəliyevin əsərlərində hiss olunan bu yanaşma təsviri sənətin əsas missiyalarından birini, tarixi yalnız qorumaq deyil, həm də onu yenidən dərk edərək tamaşaçıya təqdim etmək funksiyasını ön plana çıxarır. Onun yaratdığı kompozisiyalar sanki reallıqla yuxu arasında qurulmuş vizual məkanlardır. Tamaşaçı bu əsərlərə baxarkən real İçərişəhəri deyil, onun daha saf, daha bütöv və daha mənəvi bir təsvirini görür.

Müasir dövrdə İçərişəhərdə müşahidə olunan kommersiyalaşma meylləri, xüsusilə qala divarlarına söykənən restoran və iaşə obyektlərinin artması şəhərin tarixi ruhuna ziddiyyət təşkil edir. Şübhəsiz ki, Azərbaycan mətbəxi bu gün dünya miqyasında tanınır və ölkədə restoran mədəniyyəti inkişaf edib. Lakin paradoks ondadır ki, maddi bolluq fonunda mənəvi boşluq hiss olunur. İçərişəhər artıq tədricən yaşayış məkanı olmaqdan çıxaraq istehlak məkanına çevrilmək təhlükəsi ilə üz-üzədir. Turist axını, qısa müddətli zövq və kommersiya maraqları tarixi mühitin incə balansını pozur. Qala divarlarına söykənən bu məkanlar yalnız fiziki deyil, həm də estetik və mənəvi yük yaradır. Bu isə tarixə münasibətdə yanlışlığın göstəricisinə çevrilmiş olur.

Tahir Şıxəliyev bu vəziyyəti sənətkar həssaslığı ilə duyaraq açıq şüarlarla deyil, bədii dillə ifadə edir. Onun əsərlərində İçərişəhər yalnız tarixi abidələr olan Qız qalası və ya Şirvanşahlar sarayı ilə məhdudlaşmır. Rəssam bütöv şəhərin, onun daşlarının yaddaşının, küçələrinin ruhunun, insanların həyat tərzinin, keçmişin səssizliyinin qorunmasının vacibliyini vurğulayır. Onun əsərləri tamaşaçıya sual verir. Biz bu şəhəri necə qoruyuruq və onu necə görmək istəyirik? Rəssamın qrafika və rəngkarlıq əsərlərində də eyni xətt aydın hiss olunur. Yaddaşa qayıdış, uşaqlıq xatirələrinin saf şəhəri və itirilməkdə olan dəyərlərin bərpası. Bu, sənətsevərə ünvanlanan incə, lakin aydın bir mesajdır. Tarixə münasibət yalnız fiziki qoruma ilə məhdudlaşmamalıdır, o həm də mənəvi məsuliyyət tələb edir.

Rəssamın yaradıcılığında diqqət çəkən əsas cəhətlərdən biri də onun fərdi yaddaşı ilə kollektiv yaddaşı sintez etməsidir. İçərişəhərdə keçən uşaqlıq illəri onun bədii dünyasının əsasını təşkil edir. Bu xatirələr əsərlərində fraqmentlər, simvollar və assosiasiyalar şəklində yenidən canlanır. Şəhər burada konkret məkan olmaqdan çıxaraq, şüuraltı qatların məhsuluna çevrilir. Bu səbəbdən də onun kompozisiyaları bir növ “qurama” təsiri bağışlayır. Hər detal ayrıca məna daşıyır, lakin bütövlükdə daha geniş bir konsepsiyanı ifadə edir.

Tahir Şıxəliyevin akademik dəqiqliklə işlənmiş kompozisiyaları sərbəst qrafik improvizasiyalarla, impressionist təsvirləri, üslub müxtəlifliyi onun yaradıcılıq axtarışlarının davamlılığını və yeniliyə açıq olduğunu göstərir. Rəssam həm klassik ənənələri dərindən mənimsəmiş, həm də müasir bədii düşüncə ilə vəhdət yaratmağı bacarmış sənətkarlardandır. Onun zəngin təhsil və peşə fəaliyyəti də bu bədii yetkinliyin formalaşmasında mühüm rol oynayıb. Bakı və Tbilisi kimi iki qədim mədəniyyət mərkəzində aldığı təhsil, monumental keramika sahəsində qazandığı təcrübə, uzun illər müxtəlif yaradıcılıq və idarəetmə strukturlarında fəaliyyəti onun dünyagörüşünü zənginləşdirib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar beynəlxalq sənət mühitində də fəal iştirak edir. Əsərləri bir sıra ölkələrdə şəxsi kolleksiyalarda qorunur ki, bu da yaradıcılığının coğrafiyasının genişliyindən xəbər verir.

“Rəngkarlıq və qrafika” sərgisi isə bu yaradıcılıq yolunun mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Bu sərgi yalnız bədii hadisə deyil, həm də bir çağırışdır. İçərişəhərin bütöv şəkildə qorunmasına, onun yalnız memarlıq abidələri ilə deyil, yaşayış mühiti, ruhu və yaddaşı ilə birlikdə dəyərləndirilməsinə yönəlmiş çağırış. Bu baxımdan Tahir Şıxəliyevin yaradıcılığı maarifləndirici missiya daşıyır. O, əsərləri vasitəsilə cəmiyyətə müraciət edir, tarixə münasibətin yenidən düşünülməsini təklif edir.

Gələcəyə yönəlik baxışda isə belə bir fikir formalaşır ki, İçərişəhərdə yalnız mövcud abidələrin qorunması ilə kifayətlənmək olmaz. Bu məkanda tarixə həsr olunmuş, milli təsviri sənətin klassik və müasir nümunələrini bir araya gətirən xüsusi muzey məkanlarının yaradılması da zəruridir. Çünki İçərişəhər yalnız keçmişin mirası deyil. Eyni zamanda o, gələcəyə ötürülməli olan bir dəyərdir. Belə bir təşəbbüs həm mədəni irsin qorunmasına, həm də onun yeni nəsillərə daha sistemli şəkildə ötürülməsinə xidmət edərdi. Tahir Şıxəliyevin yaradıcılığı İçərişəhərin bədii yaddaşını yeni müstəviyə daşıyır. İçərişəhərin qədrini bilmək isə məhz bu baxışdan başlanır.

 

Ziyarət Cabarova-Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi