Şamaxı Rayon Mədəniyyət Mərkəzində (Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi) qəzəlxan-şair, xanəndə, Şirvan muğam ifaçılığı məktəbinin tanınmış nümayəndələrindən olan Ağakərim Nafizin (Ağakərim İsrafilbəyli) yaradıcılıq gecəsi təşkil edilib.
Mədəniyyət mərkəzindən bildirilib ki, tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, müxtəlif bölgələrdən qonaqlar iştirak ediblər.
Tədbirin aparıcısı ədəbiyyatşünas, publisist Turan İbrahimov şairin yaradıcılığından bəhs edib, şeirlərindən nümunələr söyləyib.
Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov sənətkarın mədəni mühitə verdiyi dəyərli töhfələrdən söhbət açıb, ona xatirə hədiyyəsi təqdim edib.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin "Eşq" instrumental ansamblın müşayiəti ilə Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artistlər Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, Muğam televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov, Ruslan Adgözəlov, Nemət Ərəboğlu, aşıq Əli Tapdıqoğlu, Zeynal Əhmədov, Mütəllim Dəmirov, Əhmədxan Qədirov, Vasif Nuriyev mahnılar, muğam parçaları ifa ediblər.
Yaradıcılıq gecəsində ustad xanəndə Ağakərim Nafiz özü də ifası ilə sənətsevərlərə xoş əhval bəxş edib.

























